logo

Ermənistan hələ də KTMT-dən çıxmaq ərizəsini təqdim etməyib

15:35 12-03-2024 | icon 1582
Ermənistan hələ də KTMT-dən çıxmaq ərizəsini təqdim etməyib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) Katibliyinə İrəvandan bu təşkilata üzvlüyünü dayandırmaqla bağlı hər hansı rəsmi müraciət daxil olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyinə müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.

“Həqiqətən, son vaxtlar İrəvan KTMT Katibliyinin işində iştirak etmir. Bu, Ermənistanın hazırkı mərhələdə verdiyi qərardır və beynəlxalq təşkilat olaraq, suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq...qeyd edim ki, Katibliyə İrəvandan təşkilata üzvlüyünü dayandırmaqla bağlı hər hansı rəsmi müraciət daxil olmayıb”,-deyə o, sözlərinə əlavə edib.

İ.Tasmaqambetov bildirib ki, KTMT-də “Ermənistanın siyasi rəhbərliyinin siyasi ayıqlığına və təşkilata münasibətdə müxtəlif ssenarilərin reallaşdırılması perspektivlərinin ölçülüb-biçilmiş qiymətləndirilməsinə” ümid edirlər. O vurğulayıb ki, Ermənistan təşkilatın müttəfiqi olaraq qalır və mövcud olan bütün öhdəliklər qüvvədədir.