logo

Ankarada Zakir Həsənovun Yaşar Gülər ilə görüşü olub

14:32 06-03-2024 | icon 987
Ankarada Zakir Həsənovun Yaşar Gülər ilə görüşü olub

Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Müdafiə Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüşdən əvvəl Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.

Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, müdafiə nazirləri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə görməkdən məmnunluğunu bildirib. Y.Gülər iki ölkə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.