logo

Gürcüstan Münhen Təhlükəsizlik Konfransında iki nümayəndə heyəti ilə təmsil olunacaq

19:58 13-02-2024 | icon 1071
Gürcüstan Münhen Təhlükəsizlik Konfransında iki nümayəndə heyəti ilə təmsil olunacaq

Gürcüstan fevralın 15-16-da Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iki nümayəndə heyəti ilə təmsil olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, prezident Salome Zurabişvili konfransda iştirak etmək üçün təşkilatçılardan dəvət alıb və artıq Almaniyaya yola düşüb. Prezidentin yenə də hökumətlə razılaşdırılmadan Almaniyaya səfərə getdiyi bildirilir.

Gürcüstan hökuməti adından gedəcək xüsusi nümayəndə heyətinə isə xarici işlər naziri İlya Darçiaşvili rəhbərlik edəcək.

Keçən il konfransda Gürcüstanı baş nazirin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Bu il isə baş nazir İrakli Kobaxidze Brüsselə səfərə hazırlaşdığı üçün bu səfərə gedə bilməyib.

Builki Münhen Təhlükəsizlik Konfransında 50-yə yaxın dövlət başçısının iştirakı nəzərdə tutulub. Konfransda əsasən Ukrayna müharibəsi ətrafında yaranmış böhran, Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı gözlənilir.