Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalına müsahibəsində məlumat verib.
O, qeyd edib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.
"Prezidentlərimiz mütəmadi olaraq ünsiyyətdədir. Qarşıdan gələn səfər zamanı qaz, enerji sektorunda əməkdaşlıq, “Akkuyu” AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, xüsusilə Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri deyib.
Qeyd edək ki, Türkiyə mətbuatı səfərin fevralın 12-də baş tutacağı barədə xəbərlər yayıb.