logo

Azərbaycanın hərbi sənaye məhsulları Ər-Riyad sərgisində

11:33 05-02-2024 | icon 1659
Azərbaycanın hərbi sənaye məhsulları Ər-Riyad sərgisində

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisi fevralın 4-də işə başlayıb.

Müdafiə Sənayesi Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

45-dən çox ölkədən 750-dən çox iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.

Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək, sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb. Nazir Türkiyə Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub.

Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi “World Defence Show-2024” sərgisi fevralın 8-i yekunlaşacaq.