logo

Xüsusi təyinatlı hissə və bölmələrin taktiki təlim keçirilib

10:10 05-02-2024 | icon 1589
Xüsusi təyinatlı hissə və bölmələrin taktiki təlim keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər.

Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.

Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.