logo

Türkiyəli astronavt Alper Gezeravcı sabah Yerə qayıdacaq

12:52 02-02-2024 | icon 1540
Türkiyəli astronavt Alper Gezeravcı sabah Yerə qayıdacaq

Türkiyəli astronavt Alper Gezeravcı fevralın 3-də Türkiyə vaxtı ilə 14:00-da Yer planetinə doğru yola çıxacaq.

YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə saat 17:50-də Alper Gezeravcının da daxil olduğu "Ax-3" komandası ilə vidalaşma mərasimi keçiriləcək. Mərasim “Axiom Space”nin sosial media hesablarında canlı yayımlanacaq.

Alper Gezeravcı və komandasının sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyadan ayrılacağı gözlənilir. Yerə qayıdış 12 saat çəkəcək. Planlaşdırılan eniş ABŞ-ın Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən yeddi potensial eniş nöqtəsindən birində həyata keçiriləcək.

Qeyd edək ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Alper Gezeravcı da daxil olmaqla, “SpaceX AX-3” kommersiya missiyasının ekipajının formalaşdırıldığını elan edib. 2024-cü il yanvarın 18-də türkiyəli astronavt missiyanın mütəxəssisi qismində “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçub.