Aİ-yə üzv 27 ölkənin nümayəndələri Ukraynaya yeni yardım paketinin ayrılmasını dəstəklədikdən sonra Avropa İttifaqının sammiti Kiyevə 50 milyard avro dəyərində uzunvədəli büdcə yardımı proqramını təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel özünün sosial media hesabında yazıb.
“Bu qərar Ukrayna üçün stabil, uzunvədəli və proqnozlaşdırılan maliyyələşməni təmin edəcək”, - deyə Şarl Mişel bildirib.
Fevralın 1-də səhər saatlarında Avropa İttifaqının Ukraynaya yardım məsələsində Macarıstanın vetosundan yan keçmək üçün “B planı” hazırladığı barədə məlumat yayılmışdı. Lakin Macarıstan təşəbbüsə veto qoymaqdan imtina edib və Avropa nümayəndələri proqramın qəbul edilməsi barədə razılığa gələ bilib.
Bir müddət öncə, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Macarıstan da daxil olmaqla, Avropa İttifaqının bütün ölkələrinin Kiyev üçün maliyyə yardımını təsdiqləyəcəyinə əmin olduğunu ifadə etmişdi.