logo

Ceyhun Bayramov Hulusi Akarla görüşüb

19:49 29-01-2024 | icon 1253
Ceyhun Bayramov Hulusi Akarla görüşüb

Yanvarın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Nazir Ceyhun Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnunluqla vurğulayıb və qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafı üçün vacibliyini qeyd edib.

Nazir, həmçinin Azərbaycanın və Türkiyənin dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusilə də təhlükəsizlik və ordu quruculuğu üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu münasibətlərin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar.

Hulusi Akar ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin perspektivlərindən məmnunluğunu ifadə edib. Komissiya sədri, həmçinin Azərbaycanın Türkiyənin müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.