logo

Saxta nömrə ilə “Land-Rover”lə  avtoxuliqanlıq edən sürücü həbs olunub

14:34 29-01-2024 | icon 686
Saxta nömrə ilə “Land-Rover”lə  avtoxuliqanlıq edən sürücü həbs olunub

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Land-Rover” markalı, “10-KE-815” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi veriblər. Sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya məlumat verilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Piriyev Anar Fəqani oğlu saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində “77-AX-540” olduğu amma yol hərəkəti qaydalarını pozanda məsuliyyətdən yayınmaq üçün digər saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyənləşdirilib.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.