logo

Azərbaycan QHT-ləri Ermənistanda Amuldağ qızıl yatağında monitorinq aparmağa hazırdır-BƏYANAT

12:34 27-01-2024 | icon 1421
Azərbaycan QHT-ləri Ermənistanda Amuldağ qızıl yatağında monitorinq aparmağa hazırdır-BƏYANAT

“Environmental Protection First” Koalisiyasın Amuldağ qızıl yatağında monitorinq aparmağa hazır olmasına dair bəyanat yayıb.

YeniAvropa həmin bəyanatı təqdim edir:

“Environmental Protection First” Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyir.

Biz Ermənistandan olan həmkarlarımıza səsimizə səs verdikləri üçün təşəkkür edirik. Bu həmrəyliyin nəticəsidir ki, bu yaxınlarda Arazdəyəndə də başlanılması planlaşdırılan işlər dayandırıldı.

Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və eko-fəalın qeyd etdiyi kimi, “Amulsar qızıl yatağı” layihəsi biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə törədir. Ermənistan hökuməti və “Lydian Armenia” şirkəti yatağın ətraf mühitə təsirinin qiymətləndirilməsinin nəticələrini nəzərə almayıb.

Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir.

Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir.

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir.

EPF Koalisiyası olaraq biz də Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri heç bir ekoloji normaları nəzərə almadan istismarı aparılan “Amulsar qızıl yatağı”ndakı işləri dərhal dayandırmağa çağırırıq.

Biz Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə “Amulsar qızıl yatağı”nda monitorinqə başlamağa hazırıq.

Ermənistan hakimiyyəti hərəkətlərinin məsuliyyətini dərk etməli, dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açmalıdır.

İmza:

Amin Məmmədov, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi,

Pərvanə Vəliyeva, “Sağlamlığa Xidmət” İctimai Birliyi,

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu,

Qəmzə Yusubova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi”.

Qeyd edək ki, “Environmental Protection First” Koalisiyası Ermənistan hakimiyyətinə müraciət ünvanlayaraq Amuldağ yatağında Azərbaycanın və digər xarici ölkələrin ekoloji və səhiyyə yönümlü QHT-lərinin monitorinq aparmasına şərait yaradılmasını tələb edib. Koalisiyanın yaydığı bəyanatda deyilir ki, Ermənistan etdiyi hərəkətlərin məsuliyyətini dərk etməli, dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açmalıdır, heç bir ekoloji normaları nəzərə almadan istismarı aparılan Amuldağ yatağındakı işlər dərhal dayandırılmalıdır. Koalisiya, həmçinin Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və eko-fəalın Amuldağdakı istismarın biomüxtəlifliyə, su ehtiyatlarına ciddi təhlükə törətməsi barədə fikirlərini dəstəkləyib. Azərbaycan QHT-ləri, həmçinin Ermənistanın eko-təşkilatlarına və eko-fəallarına “Environmental Protection First” Koalisiyasının səsinə səs verdikləri üçün təşəkkür edib.