logo

XİN rəhbərliyi şəhid Orxan Əsgərovun məzarını ziyarət edib

11:55 27-01-2024 | icon 679
XİN rəhbərliyi şəhid Orxan Əsgərovun məzarını ziyarət edib

Yanvarın 27-də xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanına gələrək Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.

YeniAvropa xəbər verir ki, şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Xatırladaq ki, ötən il yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.

Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.

Hadisədən sonra dövlətimizin başçısının tapşırığı ilə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri ölkəmizə təxliyə olunub. Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşları və onların ailə üzvləri Bakıya gətirilib. Ümumilikdə 53 nəfər təxliyə olunub.

Qeyd edək ki, səfirliyimizə qarşı xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.