logo

Avropa İttifaqı Macarıstanı səsvermə hüququndan məhrum edəcək-əgər...

12:52 26-01-2024 | icon 903
Avropa İttifaqı Macarıstanı səsvermə hüququndan məhrum edəcək-əgər...

Baş nazir Viktor Orban Ukraynaya yardımın qarşısını almağa davam edərsə, Avropa İttifaqı Macarıstanı səsvermə hüququndan məhrum edə bilər.

YeniAvropa xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa İttifaqının adının çəkilməsini istəməyən diplomatlarından birinə istinadla məlumat yayıb.

“Viktor Orban fevral sammitində Avropa İttifaqı büdcəsi və Ukraynaya 50 milyard avronun ayrılması ilə bağlı sazişi yenidən bloklasa, Macarıstanı səsvermə hüququndan məhrum etmək üçün 7-ci maddədən istifadə etmək düzgün seçim ola bilər”, - deyə nəşr diplomatdan sitat gətirib.

Avropa İttifaqı haqqında müqavilənin həmin maddəsinə əsasən, qurumun “fundamental prinsiplərini ciddi şəkildə pozan” ölkənin səsvermə hüququ dayandırıla, həmçinin ona qarşı digər məhdudiyyətlər tətbiq oluna bilər.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayında Avropa İttifaqının Brüsseldə keçirilən sonuncu sammitində Macarıstanın Baş naziri Aİ-nin 2024-2027-ci büdcəsində Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Həmin məsələ fevralın 1-də Belçikanın paytaxtında keçiriləcək sammitdə yenidən müzakirə olunacaq.