logo

“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat edib

23:11 24-01-2024 | icon 4578
“Sehrli xalat”ın Rəşidi ABŞ-də vəfat edib

“Sehrli xalat” filmində Rəşid rolunun ifaçısı Azər Qurbanov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov özünün "Facebook" hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, A. Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra ABŞ-də dünyasını dəyişib.

Qeyd edək ki, əslən Gəncə şəhərindən olan A. Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb.

O, 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.

Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib. Azər rusdilli olduğundan filmdə onun ifasını Yusif Şeyxov səsləndirib.

A.Qurbanov 1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı, şəxsi bizneslə məşğul olurdu.

Allah rəhmət eləsin!