logo

Yol polisi sürücülərə müraciət edib

20:20 24-01-2024 | icon 553
Yol polisi sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına bir daha müraciət edib.

İdarədən YeniAvropa-ya daxil olan müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar əksər bölgələrdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmənin digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını, eləcə də gecə saatlarında yolların buz bağlama ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur”.

Baş Dövlət Yol Polisi İdarəsi xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edir.