logo

Monteneqro parlamentinin sədri ilə Milli Məslisdə görüş olub

19:20 22-05-2023 | icon 896
Monteneqro parlamentinin sədri ilə Milli Məslisdə görüş olub

Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də ölkəmizdə səfərdə olan Monteneqro parlamentinin sədri Daniyela Curoviç ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, görüşdə Sahibə Qafarova Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə mayın 22-də Bakıda təşkil etdiyi "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın müasir dövrün çox aktual mövzularına həsr olunduğunu diqqətə çatdırıb. O, bu görüşün iki ölkə və parlamentlər arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycan və Monteneqronun dost ölkələr olduğunu qeyd edən Milli Məclisin sədri dövlətlərimiz, parlamentlərimiz arasında sıx əlaqələrin intensiv şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini xüsusilə vurğulayıb. Azərbaycanla Monteneqronun siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq etdiklərini bildirən Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini deyib.

Görüşdə qeyd olunub ki, ikitərəfli əlaqələrin mühüm bir istiqamətini də parlamentlər arasında münasibətlər təşkil edir. Dostluq qrupları arasında qarşılıqlı təmaslar, parlamentarilərin qarşılıqlı səfərləri bu münasibətlərin inkişafına töhfə verir.

Milli Məclisin sədri qonağa regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri barədə geniş məlumat verib. Xatırladıb ki, 30 il ərzində Ermənistanın işğalı altında olan bütün şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz tamamilə dağıdılıb, talan olunub.

Hazırda Azərbaycan dövlətinin öz gücü hesabına Qarabağda və Şərqi Zəngəzurda "ağıllı şəhərlər və kəndlər", "yaşıl enerji" konsepsiyalarına uyğun olan modern şəhər və kəndlər saldığını diqqətə çatdıran Milli Məclisin sədri bu yanaşmanın ilk uğurlu nümunəsi kimi məcburi köçkünlərin artıq geri qayıtdığı Ağalı kəndini qeyd edib. Bildirib ki, konfrans iştirakçılarının Zəngilana nəzərdə tutulan səfəri zamanı onlar həm Ermənistan tərəfindən törədilən dağıntıları, vəhşilikləri, həm də Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işlərini öz gözləri ilə görə biləcəklər.

Monteneqro parlamentinin sədri Daniyela Curoviç qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin ATƏT Parlament Assambleyası ilə birgə təşkil etdiyi və "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda konfransın yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. O, bu səfərin Azərbaycanın və Monteneqronun Müstəqillik günləri ərəfəsində baş tutduğunu qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb.

Daniyela Curoviç Azərbaycanın Monteneqro üçün dost ölkə olduğunu bildirərək, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını qeyd edib. Qonaq parlamentlərimiz arasında da münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində müsbət əlaqələrin qurulduğunu söyləyib. Parlamentari bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.