logo

Rusiya Kiyev və Odessaya raket zərbələri endirilib:Ölən var

10:10 18-05-2023 | icon 2086
Rusiya Kiyev və Odessaya raket zərbələri endirilib:Ölən var

Ukraynanın paytaxtı Kiyev şəhəri də daxil olmaqla, ölkənin bir sıra iri şəhərləri mayın 18-nə keçən gecə rus qoşunları tərəfindən kamikadze dronları və raketlərin növbəti hücumuna məruz qalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkə üzrə hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib. Kiyev, Odessa, Vinnitsa və Xmelnitski vilayətləri ərazisində dağıntılar qeydə alınıb.

Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonın verdiyi məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiyanın Kiyevə doqquzuncu hava hücumudur. Bütün hədəflər zərərsizləşdirilib.

“Bu dəfə hücum Xəzər dənizi regionundan Tu-95MS, Tu-160 strateji bombardmançı təyyarələrdən, ehtimal ki, “Kh-101/555” tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumata görə, zərərsizləşdirilən raketlərin qalıqlarının düşməsi nəticəsində paytaxtın Desnyanski və Darnitsa rayonlarında dağıntılar baş verib. Ən böyük ziyan Darnitsa rayonunda qeydə alınıb - qaraj kooperativinin ərazisində yanğın olub. Digər ərazilərdə park edilmiş avtomobillərə ziyan dəyib. Zərərçəkənlər barədə hələlik məlumat daxil olmayıb”, - deyə Popko bildirib.

Odessa vilayəti hərbi administrasiyasının yaydığı məlumata görə, mayın 18-nə keçən gecə edilən raket hücumu nəticəsində azı bir nəfər həlak olub, iki nəfər xəsarət alıb. Düşmən raketlərinin əksəriyyəti Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.