logo

İran vətəndaşına kuryerlik edən şəxsdən avtomat götürülüb

12:32 03-05-2023 | icon 980
İran vətəndaşına kuryerlik edən şəxsdən avtomat götürülüb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakini, əvvəllər də məhkum olunmuş Baba Sadıqov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 1 ədəd daraq aşkarlanaraq götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin sosial şəbəkədə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb edildiyi müəyyən olunub. Belə ki, Baba Sadıqov da ifadəsində pul qarşılığında həmin silah-sursatı Qobustan rayonundan Bakı şəhərinə aparmağa razılaşdığını bildirib.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.