logo

Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub

20:10 02-05-2023 | icon 1064
Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Dövlət başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verilib. Bildirilib ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq.

Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir.

Məlumat verilib ki, ümumi sahəsi 17 hektara yaxın olan yaşayış məhəlləsinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir və bu hissələrdə əhalinin sıxlığı azdır. Bu məhəllədə tikiləcək yaşayış binalarında ümumi sahəsi 120 min kvadratmetr təşkil edən 1239, o cümlədən 25 birotaqlı, 396 ikiotaqlı, 533 üçotaqlı, 285 dördotaqlı mənzil olacaq.

Yaşayış məhəlləsindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Məhəllədə, həmçinin idman meydançaları, velosiped və avtomobil dayanacaqları yaradılacaq.

Dövlət başçısı Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoyub.