logo

Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək

12:19 16-03-2023 | icon 910
Bu gün Ankarada TDT Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək.

YeniAvropa xəbər verir ki, Zirvə Görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kıprız Türk Respublikasının prezidenti Ersin Tatar, Macarıstanın baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kıprız Türk Respublikası zirvə görüşündə ilk dəfə iştirak edəcək.

Fevralın 6-da Türkiyədə yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının  iclası keçirilir.