logo

Azərbaycan İnsan hüquqları üzrə Avropa Konvensiyasının Protokolunu imzalayıb

11:55 09-03-2023 | icon 931
Azərbaycan İnsan hüquqları üzrə Avropa Konvensiyasının Protokolunu imzalayıb

Azərbaycan İnsan hüquqları üzrə Avropa Konvensiyasının 13-cü Protokolunu imzalayıb.

YeniAvropa xəbər verir ki, Azərbaycan prezident İlham Əliyevin 3 fevral tarixli sərəncamı əsasında, martın 8-də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunu imzalayıb.

Protokol Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç tərəfindən imzalanıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən etibarən Azərbaycan Respublikasında ölüm cəzasının icrasına moratorium tətbiq olunur. 1998-ci ildən isə milli qanunvericiliyimizdə ölüm cəzasının tətbiqi ləğv edilib.

Azərbaycan Respublikasının qoşulduğu mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Fakültətiv Protokolu, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 nömrəli Protokolu müstəsna hal kimi müharibə dövründə törədilmiş müharibə cinayətlərinə görə ölüm cəzasını tətbiq etmək imkanını saxlamışdır. Lakin ölkəmiz Ulu Öndərin müəyyən etdiyi humanist siyasətə sadiq qalaraq, heç vaxt ölüm cəzasının tətbiqi imkanından istifadə etmək niyyətində olmayıb.

Beləliklə, müvafiq ölkədaxili ratifikasiya prosesi yekunlaşdıqdan sonra 13 nömrəli Protokola qoşulmaqla, Azərbaycan Respublikası ölüm cəzasını tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan etmək və eləcə də yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini rəsmi şəkildə təsdiq edib.