Bu gün Yel çərşənbəsidir
Bu gün baharın müjdəçisi olan Novruz çərşənbələrindən üçüncüsü - Yel çərşənbəsidir.
YeniAvropa xəbər verir ki, xalq arasında onun adına bəzən “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” də deyilir.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.
Folklorşünaslarımızın fikrincə, əski etiqadlarda qeyd edilmişdir ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd yellə birləşib dünyanı dolaşır, ərzi gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qoca sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.
Azərbaycanlıların ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovrulmamış buğda götürənin oğlu ölər. Xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Tanrı durur. Yelə tüpürsən öz üstünə qayıdar. Eləcə də Yel dağını ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub dağa nəzir-niyaz gətirir, burada qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Xatırladaq ki, İlaxır çərşənbə-Torpaq çərşənbəsi martın 12-da, Novruz bayramı isə martın 20-də qeyd olunacaq.
Yel çərşənbəniz , eləcə də qarşıdan gələn Novruz bayramınız mübarək!
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib