logo

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycana gəlib

11:01 06-03-2023 | icon 3374
ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycana gəlib

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu gün Azərbaycana səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Onun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüş keçirəcəyi və Ermənistanla Azərbaycan arasında sülh prosesinin müzakirə olunacağı gözlənilir.

L.Bono həmçinin səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ötən həftə mətbuata açıqlamasında bildirib ki, Luis Bono  səfər çərçivəsində  Azərbaycan və Ermənistan arasında dinc nizamlama prosesinə dəstək vermək, həmçinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyü məsələsində dəyişməz mövqeyini ifadə etmək üçün yüksək vəzifəli liderlərlə görüşməyi planlaşdırır. O, əvvəlcə Bakiya, bundan sonra İrəvana və Tiflisə səfər edəcək.

Ned Prays vurğulayıb ki, Qafqaz danışıqları üzrə baş müşavirin səfərində məqsəd, həmçinin ABŞ dövlət katibi Entoni Blinkenin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün nəticələrini möhkəmləndirməkdir.

Dövlət Departamenti martın 1-də peşəkar diplomat Luis Bononun ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş müşavir təyin olunduğunu elan edib. O, əvvəllər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə və BMT-nin Vyanadakı təşkilatlarında Birləşmiş Ştatların nümayəndəsi, həmçinin ABŞ dövlət katibinin iqtisadi və işgüzar məsələlər üzrə müavini vəzifələrində çalışıb.