logo

Azərbaycan idmançısı Avropa Gəncləri Qış Olimpiya Festivalında iştirak edir

17:52 13-01-2023 | icon 364
Azərbaycan idmançısı Avropa Gəncləri Qış Olimpiya Festivalında iştirak edir

Yanvarın 21-də İtaliyanın Friuli Venesiya Culiya muxtar vilayətində Avropa Gəncləri Qış Olimpiya Festivalına start verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin(MOK) mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki,festivalın açılış mərasimi Trieste şəhərinin “Piazza Unità D Italia” mərkəzi meydanındakı açıq havada keçirilib. Açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər. Şef de-mission Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin üzvləri paraddan keçiblər.

Paradda 14 idman növü üzrə yarışlarda iştirak edən 2300 yeniyetmə idmançı təmsil olunub. İşıq və lazer şousu vasitəsilə tamaşaçılara suyun birləşdirici və həyat mənbəyi olması ilə bağlı mesajlar verilib. Açılış mərasimində təşkil olunan xüsusi şouda buluddan yağışa, çaya, dənizə və qara çevrilən suyun yolu ilə Friuli Venesiya Culiyaya səyahət təşkil olunub. Festival iştirakçılarının Olimpiya çempionluğuna gedən yollarını, təcrübəsini və əzmini simvolizə edən məqamlara toxunulub.

Sonra Tokio-2020 Yay Olimpiya Oyunlarının çempionu - velosipedçi Conatan Milan festivalın məşəlini alovlandırıb.

Səkkiz gün davam edəcək festivalda ölkəmiz fiqurlu konkisürmə üzrə komandamızın üzvü, 14 yaşlı Səbinə Əliyeva ilə təmsil olunur. Atletimizin ilk çıxışı yanvarın 25-də qısa proqram üzrə olacaq. İki gün sonra isə təmsilçimiz sərbəst proqramda mübarizə aparacaq.