logo

Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 8 dəfə çoxdur-İlham Əliyev

16:06 21-11-2022 | icon 847
Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 8 dəfə çoxdur-İlham Əliyev

Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının(YAP) sədri İlham Əliyev partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışında bildirib.

Uğurlu iqtisadi-maliyyə siyasəti nəticəsində ölkəmizin xarici dövlət borcunun əhəmiyyətli dərəcədə aşağı salındığını qeyd edən dövlət başçısı deyib: “Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik”.

Prezident bildirib ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 8 dəfə çoxdur, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.