logo

Azərbaycanın və Gürcüstanın baş nazirləri arasında telefon danışığı olub

15:30 18-11-2022 | icon 770
Azərbaycanın və Gürcüstanın baş nazirləri arasında telefon danışığı olub

Noyabrın 18-də Azərbaycan Respublikasının baş naziri Əli Əsədov ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, telefon danışığı əsnasında hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birini təbrik ediblər.

Çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə arasındakı yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafındakı rolu təqdir edilib, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti xüsusi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan ilə Gürcüstan arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Baş nazir İrakli Qaribaşvili cari ilin dekabrında Tbilisidə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı Baş nazir Əli Əsədovu bir daha Gürcüstana səfərə dəvət edib. Səfərin Azərbaycan-Gürcüstan əməkdaşlığının gündəliyində duran məsələlərin nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminlik ifadə edilib.