logo

Səlim Müslümov cənazə daşıyan sürücünün adına 3 şirkət açdırıbmış?

20:50 19-09-2022 | icon 490
Səlim Müslümov cənazə daşıyan sürücünün adına 3 şirkət açdırıbmış?

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsində şahidlər dindirilərkən məlum olub ki, cənazə daşıyan sürücünün adına 3 şirkət açılıbmış.

YeniAvropa xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Könül Xudiyeva bildirib ki, "Röya 2014", "İnci" və "Buğday 2014" adlı MMC-lər yaradaraq tenderlərin qalibi olub: "Hazırda gözəllik salonunda işləyirəm. Bu şirkətləri ailəmi dolandırmaq üçün açmışdım. Bütün əməliyyatları mənim adımdan baş etibarnamə ilə Əlillərin Bərpa Mərkəzinin baş mühasibi olan anam Nəzakət Kərimova həyata keçirib".

Digər şahid Ülviyyə Məmmədovanın sözlərinə görə, 2012-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində baş mühasib işləyib:

"Şirkətlər arasında bağlanan müqaviləyə görə əldə olunan gəlirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verirdim. Onun tapşırıqlarını yerinə yetirirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya onun xidməti otağında verirdim".

Şahid Nəzakət Kərimova isə Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı otkat əməliyyatlarından danışıb: "Mən 2007-2016-cı illərdə Əlillərin Bərpa Mərkəzində baş mühasib işləmişəm. Şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq Mərkəzin müdiriyyətinə verilirdi. Mənə tapşırıqları rəhbərimiz İlqar Qurbanov verirdi".

Sonra şahid qismində Ənvər Məhərrəmov dindirilib. Hakimin suallarını cavablandırarkən məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilibmiş. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi qalıq şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdıb və burada toplanaraq baş mühasib tərəfindən rəhbərliyə çatdırılırmış.

"Mən cənazə daşıyan sürücü işləyirəm. Bu məsələlərə Vüqar adlı dostum qoşdu. Sonralar mənim adımdan həyata keçirilmiş əməliyyatlardan xəbəri olmadı. "Təchizat", "Star" və "Uğur-S 2013" şirkətlərinin adımda olmasını yalnız istintaqa çağırılandan sonra bilmişəm", - Ənvər Məhərrəmov deyib.

Daha sonra şahidlər - Şahid Camaləddin İsmayılov, Vidadi Nəbiyev və Mir Sahib Həsənov eyni epizodlar üzrə məhkəməyə ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin edilib.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.