logo

Ceyhun Bayramov Toivo Klaar ilə bölgədəki vəziyyəti müzakirə edib

18:48 14-09-2022 | icon 994
Ceyhun Bayramov Toivo Klaar ilə bölgədəki vəziyyəti müzakirə edib

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı tərəflər arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub.

Nazir Ceyhun Bayramov son günlərdə Ermənistan tərəfindən sərhədyanı bölgələrdə təxribatlar törədilməsi, Ermənistanın hücumları nəticəsində hərbi qulluqçularımızın şəhid olması faktlarını qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri çərçivəsində yalnız hərbi obyektlərin hədəf alındığını vurğulanıb. Ermənistan tərəfinin bu təxribatlarının liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların kobud pozuntusu olduğu, vasitəçilik səylərinə xələl gətirdiyi bildirilib. Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun yolverilməz olduğu qeyd edilib. Beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan tərəfinin əldə edilmiş atəşkəs razılaşmasını pozduğu, Azərbaycan tərəfindən humanitar atəşkəs niyyətinin elan edilməsinə rəğmən, mövqelərimizə hücumlarını davam etdirdiyi diqqətə çatdırılıb.

Xüsusi nümayəndə Toivo Klaar toqquşmaların dayandırılmasının və vəziyyətin sabitləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Atəşkəsə əməl edərək normallaşma prosesinin və Azərbaycanla Ermənistan arasında danışıqların bərpasının zəruriliyini vurğulayıb. Avropa İttifaqının tərəflər arasında ikitərəfli görüşlər üçün şərait yaratmağa hazır olduğunu bildirib.

Görüş zamanı digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.