logo

Binəqədidə 44 narkotacirdən 10 kq narkotika götürülüb

15:15 09-09-2022 | icon 1582
Binəqədidə 44 narkotacirdən 10 kq narkotika götürülüb

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumatlar əsasında Biləcəri qəsəbəsində son bir həftə ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 44 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, onların üzərindən, Biləcəri qəsəbəsi ərazisində yaşadıqları evlərdən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik maddələr aşkar edilib.

Daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonunun digər kənd və qəsəbələrində son bir ay ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 46 nəfər tutularaq istintaqa cəlb edilib. Bu şəxslərdən Akşin Rüstəmov, Şəmistan İngiliszadə, Xəyala Hacıyeva, Asim Xanəliyev, Ramil Davudov və Yalçın Əmiraslanov birbaşa olaraq Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Saxlanılan digər şəxslər isə onlar tərəfindən müxtəlif şirnikləndirici təkliflər müqabilində narkokuryerliyə cəlb edilənlər olublar. Bu şəxslərin üzərilərinə, evlərinə və avtomobillərinə baxış zamanı ümumilikdə 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanıb.

Saxlanılanların cinayət əlaqələrinin müəyyənləşdirilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən intensiv mübarizə tədbirləri davam etdirilir.