logo

Bakıda dialoq və inkişaf naminə mədəni müxtəlifliyə həsr edilmiş görüş olub

19:20 08-06-2022 | icon 1750
Bakıda dialoq və inkişaf naminə mədəni müxtəlifliyə həsr edilmiş görüş olub

Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Azərbaycandakı səfirliyi Mədəniyyət Nazirliyi və Bakıdakı dini qurumlarla birgə əməkdaşlıq çərçivəsində dialoq və inkişaf naminə mədəni müxtəlifliyə həsr olunmuş onlayn görüş keçirib.

YeniAvropa xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib. 

Görüşdə çıxış edən BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi mədəni müxtəlifliyin inkişafın hərəkətverici qüvvəsi olduğunu bildirib, onun bəşəriyyətin müxtəlif dəyərlərini və birlikdə harmoniyada yaşamağı əhatə etdiyini vurğulayıb.

Birləşmiş Ərəb Əmirliklərində 200-dən çox millətin birgə yaşadığını və hər bir dinin etiqad edildiyini vurğulayan səfir BƏƏ-dəki “İbrahim Ailəsi Evi” layihəsi haqqında geniş məlumat verib: “Bu kompleks BƏƏ-nin paytaxtı Əbu-Dabinin mədəni mərkəzində, Saadiyat adasında yerləşir. “İbrahim Ailəsi Evi” öyrənmək, dialoq və ibadət üçün bir məkandır, hamı üçün açıqdır, BƏƏ-nin bütün bəşəriyyəti salamlayaraq tolerantlığa və qonaqpərvərliyə inamının əsl təzahürüdür. Bu nadir memarlıq modeli eyni məkanda kilsəni, məscidi, sinaqoqu əhatə edir”.

Diplomat qeyd edib ki, kompleksə, həmçinin sərgilər, proqramlar və konfranslar üçün məkan da daxildir. Bu layihə qlobal və regional sabitliyə dəstək olmaq, sülh və mədəniyyətlərarası təhsili təşviq etmək məqsədi daşıyır.

“Azərbaycan da tolerantlıq və multikulturalizm ilə mədəni müxtəlifliyin evidir. Azərbaycanlıların ən çox ziyarət etdiyi yerlərdən birinin BƏƏ olduğunu bilməkdən məmnunluq duyuram”, - deyən səfir azərbaycanlı ziyarətçilərin tezliklə “İbrahim Ailəsi Evi”nin hüzuru və gözəlliyindən zövq ala biləcəklərinə ümidvar olduğunu bildirib.

Görüş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici əlaqələr üzrə müavini Rəşad Əliyarlı, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Bakı və Xəzəryanı Yeparxiya şurasının katibi Mefodiy Əfəndiyevin çıxışları ilə davam edib.

file.0-3-4