logo

Azərbaycan deputatları AŞ PA-nın komitə iclasında iştirak edirlər

13:13 13-05-2022 | icon 490
Azərbaycan deputatları AŞ PA-nın komitə iclasında iştirak edirlər

Fransanın paytaxtı Parisdə Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası başlayıb.

YeniAvropa xəbər verir ki, qurumun Komitə iclasında ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Nigar Arpadarai iştirak edirlər.

Tədbirdə qurumun aprel ayında hibrid formatda keçirilmiş iclasının protokolu təsdiqlənəcək. Rusiya Federasiyası və Ukrayna münaqişəsinin humanitar, eləcə də münaqişənin yaratdığı daxili və xarici miqrasiyaların nəticələrinə dair isveçrəli parlamentari Pyer-Alən Fridenin məruzəsi dinləniləcək və müzakirə olunacaq. Eyni zamanda, məruzəçinin Ukrayna, Slovakiya və Rumıniyaya faktaraşdırıcı səfərlərinə dair fikirləri dinləniləcək.

Həmçinin komitə iclasında müşayiət olunmayan və ayrılmış uşaqlara baxılmasına dair ukraynalı parlamentarinin məruzəsinin ilkin layihəsi nəzərdən keçiriləcək. Seçki kampaniyalarında miqrasiya, sığınacaq mövzuları və onların miqrantların qəbulu və hüquqlarına təsir nəticələri ilə bağlı qətnamə layihəsi dinləniləcək, bu məsələlər ətrafında açıq müzakirələr aparılacaq.

Komitə iclası alt-komitələrin tərkibi və müxtəlif məsələlər ətrafında müzakirələrlə işini davam etdirəcək. Milli Məclisin deputatları komitə iclasında müzakirə olunan mövzulara münasibətlərini bildirəcəklər.

Tədbirdə növbəti iclasların yeri və vaxtı müəyyənləşdiriləcək.