logo

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2,4 ton narkotik vasitə məhv edilib

11:55 05-05-2022 | icon 1400
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2,4 ton narkotik vasitə məhv edilib

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş iki tondan çox müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları mayın 5-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.

YeniAvropa xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev, Komissiyanın, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib ki, bu gün 1430 məhkəmə hökmü əsasında barəsində məhvetmə qərarı çıxarılan 2 ton 402 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, psixotrop maddə (973 kiloqram 7 qram heroin, 1 ton 112 kiloqram 241 qram marixuana, 287 kiloqram 357 qram tiryək, 30 kiloqram 274 qram həşiş, 446 qram kokain, 64,753 qram və 35 min 647 həb metadon, 215 kiloqram 254 qram və 6966 ədəd həb və 38 kapsul psixotrop maddə, 238,724 qram, 4182 kapsul, 189 konvalyut, 49 min 914 həb), o cümlədən 28 min 697 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin qara bazarda təqribi dəyəri 85 milyon manatdır.

Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqram”ının icrasını daim diqqət mərkəzində saxlayan Dövlət Komissiyasının işçi qrupu bu ilin üç ayı ərzində müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil edib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu antinarkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Müdafiə Nazirliyi, Gənclər Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında birgə Tədbirlər Planları imzalanıb, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir. Bununla əlaqədar bu ilin yanvar-mart aylarında Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı, eyni zamanda, aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə respublika ərazisində 50-yə yaxın interaktiv təlim, ictimai mühazirə və maarifləndirmə xarakterli tədbir təşkil olunub. Eyni zamanda, işçi qrupunun təşkilatçılığı ilə Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərində, cəzaçəkmə müəssisələrində və orta məktəblərdə canlı ifada nümayiş olunub.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların aktiv fəaliyyət göstərmələri məqsədilə Dövlət Komissiyasının işçi qrupunda yaradılmış 802 - qaynar xətt telefon xidmətinin maddi-texniki bazası gücləndirilib, fəaliyyət istiqaməti təkmilləşdirilib. Cari ilin yanvar-mart aylarında 802 xidmətinə 498 vətəndaş müraciəti daxil olub. Onların 59-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 190-nı narkotik asılılıqdan müalicə, 249-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Bu müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 252 məktub ünvanlanıb.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə şəhər və rayonlar üzrə ayrı-ayrılıqda əldə olunan statistik məlumatlara dair interaktiv xəritə hazırlanıb və maddi-texniki baza yaradılıb. Eyni zamanda, 802 - qaynar xətt telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış videoçarxın, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial çarxların paytaxtın küçə və prospektlərdəki elektron lövhələrdə nümayişi və eyni zamanda, televiziya kanallarında yayımlanması təmin edilib.

Bundan əlavə, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının işçi qrupu tərəfindən üzərində xüsusi şüarlar əks olunan yeni forma və dizaynda sosial lövhələr hazırlanıb.

Məlumat verilib ki, 2022-ci ilin üç ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2795 fakt aşkarlanıb. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 880 kiloqram 475 qram müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr müsadirə edilib. Həmçinin göstərilən dövrdə 7286 ədəd metadon və 2524 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb. Müsadirə olunan narkotik vasitələrin 1 ton 81 kiloqram 614,282 qramını heroin, 505 kiloqram 478,298 qramını marixuana, 141 kiloqram 94,393 qramını tiryək, 5 kiloqram 39,161 qramını həşiş, 198,940 qramını kokain, 142 kiloqram 797,821 qramını psixotrop maddələr, 4 kiloqram 252,797 qramını isə digər narkotik vasitələr təşkil edib. Cinayət məsuliyyətinə 1732 nəfər cəlb edilib. Həmin şəxslərdən 32-si xarici ölkə vətəndaşıdır.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2021-ci il dekabrın 31-nə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfərdir. Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid qrupuna aid, 9752 nəfər isə kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. Ötən il müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülüb, 4789 nəfər isə qeydiyyatdan çıxarılıb.