logo

“Azovstal”da ağır döyüşlər gedir-Mariupol meri

14:15 04-05-2022 | icon 1295
“Azovstal”da ağır döyüşlər gedir-Mariupol meri
“Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda ağır döyüşlər gedir. Rusiya qoşunları zavod ərazisini tank, artilleriya ilə vurur, həmçinin gəmi və aviasiyadan atəşə məruz qoyur”.

YeniAvropa xəbər verir ki, bu barədə  Mariupol  şəhərinin meri Vadim Boyçenko “Ukrayna 24” kanalının telemarafonunda danışıb.

“Təəssüf ki, bu gün uşaqlarla əlaqəmiz itib”, - deyə V.Boyçenko bildirib.

Eyni zamanda Kremlin sözçüsü Dmitri Peskov zavod ərazisinin atəşə tutulmadığını iddia edərək bunun ali baş komandan Vladimir Putinin əmri olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiya ilə sərhədyanı bölgədə yerləşən Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri martın 1-dən bəri mühasirədədir. Rusiya qüvvələri Mariupolun böyük hissəsini nəzarətə ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu ələ keçirə bilməyib. Zavod şəhərin dörddəbir hissəsini təşkil edir. Hazırda zavodun ərazisinə minlərlə dinc sakin sığınıb. Oranın müdafiəsində Ukraynanın “Azov” alayı durur.

Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplamış “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir.