logo

20 Yanvarın müəlliflərindən biri-Əbdürrəhman Vəzirov öldü 

12:12 10-01-2022 | icon 2086
20 Yanvarın müəlliflərindən biri-Əbdürrəhman Vəzirov öldü 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə onun qohumları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edilib ki, Ə.Vəzirov bu gün yaşadığı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib. 

Əbdürrəhman Xəlil oğlu Vəzirov 26 may 1930-cu ildə Bakının Binəqədi qəsəbəsində anadan olub. Əslən Şuşalıdır, Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası isə Füzuli rayonunun KP birinci katibinin bacısı olub.

1952-ci ildə indiki Azərbaycan Neft və Sənaye Universitetini bitirib.Uzun illər Rusiyada yaşayıb. SSRİ-nin diplomatı olub. Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.

İlk dəfə 1985-ci ildə Mixail Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif edib. Lakin o razılaşmayıb. İkinci dəfə  M.Qorbaçov Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edib və o, 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Qanlı Yanvarın , eləcə də  rus qoşunlarının Azərbaycana yeridilməsinin  müəlliflərindən biri olub. 

Rus qoşunlarının gəlməsindən 2 gün öncə, 18 yanvarda istefa vermiş və Moskvaya qaçıb. Azərbaycanda haqqında cinayət işi qaldırılmışdı. 

Bu günlərdə Vəzirovun adı Qazaxıstana KTMT sülhməramlıları adı altında Rusiya desant qoşunlarının yeridilməsi kontekstində gündəmə gəlməyə başlamışdı. Bir çoxları onu rus qoşunlarını Qazaxıstana çağıran Qasım-Jomərt Tokayevlə müqayisə edirdi.