logo

Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib

12:50 10-10-2021 | icon 1701
Prezident İlham Əliyev bir sıra açılışlarda iştirak edib

Prezident İlham Əliyev oktyabrın 9-da Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

YeniAvropa xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verərək bildirib ki, başlanğıcını Zəfər yolundan götürən bu yol yeni inşa edilən Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan birinci texniki dərəcəli Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlı olacaq. Yol boyunca torpaq yatağının və yeni avtomobil körpülərinin inşası aparılır. Bundan əlavə, uzunluğu 18 kilometr olan Tuğ-Hadrut avtomobil yolunun da tikintisi davam edir. İkinci texniki dərəcəyə uyğun inşa edilən bu yol iki hərəkət zolaqlı olacaq.

Daha sonra prezident İlham Əliyev “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub.“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov bildirib ki, ilk növbədə, Hadrut qəsəbəsini elektrik enerjisi ilə təmin etmək üçün Füzuli rayonundakı 110/35/10 kV-luq “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına qədər uzunluğu 27 kilometr olan 35 kV-luq ikidövrəli hava xətti çəkilib. Bununla da Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib. Xəttin keçdiyi ərazi öncə minalardan təmizlənib. Çətin relyef, qar və şaxtalı hava şəraitinə baxmayaraq 37 gün ərzində gecə-gündüz aparılan işlərdən sonra bu il yanvarın 7-də Şuşa şəhərində Azərbaycan işığını yandırmaq mümkün olub. “Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

Prezident İlham Əliyev yeni “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyub.