logo

Azərbaycanda əhalinin 53,2 %-i hər iki dozada peyvənd olunub-RƏSMİ

15:23 07-10-2021 | icon 1463
Azərbaycanda əhalinin 53,2 %-i hər iki dozada peyvənd olunub-RƏSMİ

2021-ci il yanvarın 18-dən ölkəmizdə vaksinasiya başlayıb, doqquz ay ərzində artıq əhalinin 53,2 faizi ikinci doza vaksin alıb. Bakı şəhərində bu göstərici daha yüksəkdir - 66,2 faiz təşkil edir.

 YeniAvropa xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı keçirilən dinləmələr zamanı səsləndirib.

Viktor Qasımov bildirib ki, təkcə sentyabr ayı ərzində 1,7 milyon doza vaksin istifadə olunub. Bu orta hesabla gündə 60 min peyvənd deməkdir. “Buster doza bizdə ilk olaraq səhiyyə işçiləri və 60 yaşdan yuxarı əhaliyə tətbiq edilməyə başlanılıb. Günü sabah tibbi qərargahda buster dozanın daha da genişləndirilməsi məsələsinə baxılacaq. Yəqin ki, digər yaş kateqoriyaları da buna cəlb ediləcək. Ölkəmizdə bu günə kimi vaksin alanların təkrarən yoluxması 1,34 faiz təşkil edir. Yəni ki, Azərbaycanda istifadə olunan peyvənd çox effektivdir. Biz bunu artıq öz təcrübəmizdən görürük”, - deyə səhiyyə nazirinin müavini qeyd edib.

Onun sözlərinə görə, ölkəmizdə Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən 16-18 yaşlı uşaqlara “Pfizer” vaksininin tətbiqinə artıq icazə verilib. Bu, xüsusən xarici ölkələrə oxumağa gedənlərlə əlaqəlidir. Çünki qarşı tərəfdə bu peyvənd tələb edilir. Oxşar səbəbə görə, həmçinin hər iki valideyninin icazəsi olmaqla 12-15 yaşlı uşaqlara da vaksinin tətbiqinə icazə verilib.