logo

Baş Prokurorluq “Günay Bank”ın iddialarını təkzib edib

11:55 05-10-2021 | icon 1617
Baş Prokurorluq “Günay Bank”ın iddialarını təkzib edib

“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olmuş məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən ötən gün ictimaiyyət məlumatlandırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, oktyabrın 5-də “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir tutduğu vəzifədən azad olunduğu, onun həmin bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin təsdiqini tapmadığı, ümumiyyətlə R.Hüseynovla bağlı yayılan məlumatların “Günay Bank” ilə heç bir əlaqəsinin olmadığı bildirilib.

Baş Prokurorluq həmin məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 2018-ci il fevralın 20-dən 2021-ci il sentyabrın 29-dək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında cari il sentyabrın 15-də R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib. Aşkarlanan cinayət faktları ilə bağlı sentyabrın 16-da cinayət işi başlanıb və yalnız bundan sonra, yəni, sentyabrın 29-da R.Hüseynov tutduğu vəzifədən azad edilib.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.