logo

Dələduzluq edən daha bir xanım məktəb direktoruna cinayət işi açıldı

11:11 08-09-2021 | icon 1512
Dələduzluq edən daha bir xanım məktəb direktoruna cinayət işi açıldı

Abşeron rayonunun Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Abşeron rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış istintaqla Samirə Əkbərovanın həmin məktəbin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilmiş qaydalarından kənar ayrı-ayrı vətəndaşları onların həm direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, onların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyənləşdirilib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.