logo

Ağdam polisi dələduzluq edən bərdəli "telejurnalist"i  tutub

13:33 02-09-2021 | icon 1442
Ağdam polisi dələduzluq edən bərdəli "telejurnalist"i  tutub

Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam rayon Polis Şöbəsinə verilmiş məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki, rayonda yaşayan Fəxri Əliyev Bərdə və Ağdam rayonlarında yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də səlahiyyətli şəxs kimi qələmə verərək şantaj yolu ilə pul tələb etdiyi müəyyənləşdirilib.

Belə ki, Bərdə rayonunda daxil olduğu aptekdə özünü səlahiyyətli şəxs kimi qələmə verərək maskadan istifadə olunmadığını səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib. Bundan başqa, F.Əliyev Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və özünü televiziya əməkdaşı kimi təqdim edib. Onun obyekt daxilində tibbi maskadan istifadə olunmadığına dair videogörüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən olunub.

Müəyyən edilmiş faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. F.Əliyev Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.