logo

Azərbaycan Qırğızıstana 40 min doza “AstraZaneca” vaksini göndərir

12:58 16-07-2021 | icon 1841
Azərbaycan Qırğızıstana 40 min doza “AstraZaneca” vaksini göndərir

Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım kimi 40 min doza “AstraZaneca” vaksini göndəriləcək.

YeniAvropa xəbər verir ki, hazırda hökumətdə vaksinin Qırğızıstana çatdırılması məsələləri müzakirə olunur.

Xatırladaq ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və UNICEF-in bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə COVAX proqramı çərçivəsində ölkəmizdən Özbəkistana 50 min doza “AstraZaneca” vaksini çatdırılıb.

Azərbaycan tərəfindən humanitar yardım olaraq digər ölkələrə də vaksinlərin göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan pandemiya ilə qlobal mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Ölkəmiz, eyni zamanda, qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”ni, ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb.