logo

Sabah Bakıda 34° isti olacaq

12:05 15-07-2021 | icon 1575
Sabah Bakıda 34° isti olacaq

Azərbaycanda iyulun 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 22-24°, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 759 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı ehtimal edilir.