logo

AQTA bəzi şadlıq sarayında kobud qayda pozulmaları aşkarlayıb

16:26 09-07-2021 | icon 1939
AQTA bəzi şadlıq sarayında kobud qayda pozulmaları aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, iyulun 8-də Masallı rayonunun Qəzvinoba kəndində fiziki şəxs Xəlilov Ruhi Tofiq oğluna məxsus “Məkan” şadlıq sarayında aparılan baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 128 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət edilib və baxış zamanı şənlik mərasiminin 270-dən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində Məhərrəm Seyidov küçəsində fiziki şəxs Musayev Elvin Fizuli oğluna məxsus “Kral” şadlıq sarayı, Ağsu şəhərinin S. Vurğun küçəsində fiziki şəxs Qəniyev Elvin Zahir oğluna məxsus "Asiman" şadlıq sarayında da aparılan nəzarət tədbirləri zamanı karantin rejimlərinin pozulması faktları aşkar edilib.

Hər iki faktla bağlı inzibati protokol tərtib olunub və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.