logo

Ali məktəblərə ərizə qəbulunun vaxtı daha yarım gün uzadılır

17:57 08-06-2021 | icon 1883
Ali məktəblərə ərizə qəbulunun vaxtı daha yarım gün uzadılır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 9-u saat 13:00-dək uzadılır.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, iyunun 8-i saat 17:00-a olan məlumata görə, ümumilikdə 84 min 287 abituriyent (o cümlədən I-IV ixtisas qrupları üzrə 70158 nəfər) ərizəsini təsdiq edib.

1860 nəfər ərizəsini doldurub onu təsdiq etmək imkanına malik olsa da, elektron ərizəsini hələ də təsdiq etməyib. Həmin abituriyentlər, həmçinin sənəd qəbulunda iştirak etmək istəyən digər abituriyentlər iyunun 9-u saat 13:00-dək öz ərizələrini təsdiq edə bilərlər.

Ərizənin təsdiqi Dövlət İmtahan Mərkəzinin informasiya sistemlərində abituriyent barədə məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər.

Elektron ərizələrini sənəd qəbulu komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb edilən sənədləri şəxsən təqdim etməklə ərizələrini iyunun 9-u saat 13:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız ərizəsini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Xatırladaq ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı ilkin olaraq 8 iyun saat 23:59-dək müəyyən edilmişdi.