logo

Ankarada Azərbaycan-Türkiyə parlament əməkdaşlığı müzakirə edilib

17:07 08-06-2021 | icon 1708
Ankarada Azərbaycan-Türkiyə parlament əməkdaşlığı müzakirə edilib

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Kənd təsərrüfatı, meşə və kənd işləri komissiyasının sədri Yunus Kılıçla görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi, eləcə də parlamentlərin müvafiq komissiyaları arasındakı əlaqələr yüksək dəyərləndirilib.

Komissiya sədri Yunus Kılıç bildirib ki, Türkiyə parlamentindəki komissiyalarının tarixi ənənələrə uyğun olaraq fəaliyyət göstərir.

Qırx dörd günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstəyi yüksək qiymətləndirən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov qeyd edib ki, iki qardaş ölkənin qanunverici orqanları, eləcə də komissiyalar arasındakı münasibətlərin səmərəliliyin artırılması üçün əlaqələr daha da intensivləşdirilməlidir.

Çıxışlarda diqqətə çatdırılıb ki, rəşadətli Zəfərdən sonra Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, aqrar sektorda da əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycanın işğaldan azad olunan ərazilərində bərpa və yenidənqurma işləri üçün Türkiyə bütün imkanları ilə qardaş köməyi göstərir.

Ölkəmizin aqrar siyasəti, bu sahədə qazanılan nailiyyətlər, Qarabağ Zəfəri əsasında yaranmış perspektivlərdən bəhs edən Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Eldar İbrahimov diqqətə çatdırıb ki, işğaldan azad olunan ərazilər bərəkətli, məhsuldar torpaqlardır. Odur ki, bundan sonra Azərbaycan kənd təsərrüfatı və heyvandarlıqda böyük inkişaf əldə edəcək.

Qrupun üzvü Eldar Quliyev vurğulayıb ki, Türkiyənin də dəstəyi ilə minalardan təmizlənən Azərbaycan əraziləri ən qısa zamanda istifadəyə cəlb olunacaqdır.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan və Türkiyə aqrar sahədə, kənd təsərrüfatı, meşəçilik, su hövzələrindən səmərəli istifadə məsələlərində də sıx əməkdaşlıq edəcəklər.

Təəssüflə qeyd olunub ki, təcavüzkar Ermənistan 30 illik işğal dövründə nəzarət altında saxladığı Azərbaycan ərazilərində əsl soyqırımı həyata keçirib. O cümlədən torpaq sahələri qanunsuz istismar olunub, meşələr məhv edilib, su mənbələri məqsədyönlü şəkildə çirkləndirilib.