logo

AQTA paytaxtda 28 ət kəsimi məntəqəsinə xəbərdarlıq etdi

18:20 07-06-2021 | icon 833
AQTA paytaxtda 28 ət kəsimi məntəqəsinə xəbərdarlıq etdi

"Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Prezident İlham Əliyevin 2018-ci il iyunun 11-də verdiyi Sərəncamın icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması sahəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər və yoxlama-nəzarət tədbirləri həyata keçirir.

YeniAvropa xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Həmin məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirir.
 
Bu il aprelin 19-dan iyunun 4-dək Bakı şəhərinin Yasamal və Binəqədi rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 28 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkarlanıb.