logo

Sabah “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

11:59 31-05-2021 | icon 2674
Sabah “OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

Sabah OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 30-cu iclası keçiriləcək.

YeniAvropa xəbər verir ki,  “OPEC+” nazirlərinin 17-ci toplantısı da videokonfrans formatında həmin gün təşkil olunacaq.

İclasda “OPEC+” koalisiyasının iyul ayında da əvvəlki qərarı tətbiq edəcəyi və hasilatın tədricən artırılacağına dair qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, “OPEC+” nazirlərinin 16-cı videogörüşündə gündəlik xam neft hasilatının may, iyun və iyul aylarında tədricən artırılması ilə bağlı qərar qəbul edilib. “OPEC+” ölkələri nazirləri may-iyul ayları üzrə hasilat öhdəliklərinə dair “OPEC” və qeyri-OPEC ölkələri nazirlərinin 15-ci iclasında qəbul edilmiş qərarı təsdiqləyiblər. Qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanın da növbəti 3 ay üzrə hasilat kvotaları müəyyənləşib. Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artırılacaq.

Xatırladaq ki, 2021-ci ilin aprelin 1-də “OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilat öhdəliklərinin mayda 6,55 milyon barel, iyunda 6,2 milyon barel, iyulda isə 5,76 milyon barel həcmində olmasına dair üçaylıq plan qəbul edilib.

JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb.