logo

Türkiyə XİN-i ABŞ prezidentinin "erməni soyqırımı" bəyanatını pislədi

21:13 24-04-2021 | icon 3423
Türkiyə XİN-i ABŞ prezidentinin "erməni soyqırımı" bəyanatını pislədi

Aprelin 24-də ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyəyə qarşı olan qrupların təzyiqi altında 1915-ci il hadisələrinə dair açıqlamasını qətiyyən qəbul etmir və onu ən qəti şəkildə rədd edirik.

YeniAvropa xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ prezidenti Baydenin bəyanatı ilə bağlı açıqlamasında yer alıb.

ABŞ prezidentinin məlum bəyanatının elmi və hüquqi əsaslara söykənmədiyinin vurğulandığı açıqlamada deyilir: “Beynəlxalq hüquqda “soyqırımı” ifadəsinin istifadə edilməsi üçün tələb olunan şərtlərdən heç biri 1915-ci il hadisələrində yoxdur. 1915-ci il hadisələrinin mahiyyəti siyasətçilərin dövri siyasi motivlərinə və ya daxili siyasi mülahizələrə görə dəyişə bilməz. Belə qərəzli münasibət tarixin yalnız kobud şəkildə təhrif olunmasına xidmət edir.

Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin müzakirə aspektlərini açıq şəkildə ifadə edib. Bundan başqa, Türkiyənin o dövrü elmi gerçəklərin işığında yaddaşlara yazmaq məqsədilə 2005-ci ildə Ortaq Tarixi Komissiya yaratmaq təklifi ötən dövrdə ermənilər tərəfindən qarşılıq almamasına baxmayaraq, həmin məsələ bu gün də tərəfimizdən qüvvədə qalmaqdadır. Bu baxımdan, tarixi prosesləri mühakimə etmək üçün nə hüquqi, nə də mənəvi səlahiyyəti olmayan ABŞ Prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur”.

XİN ABŞ prezidentini bəzi siyasi dairələri razı salmaqdan başqa heç bir məqsədə xidmət etməyən bu böyük səhvini düzəltməyə, başda türk və erməni xalqları olmaqla bölgədə sülh içində, bir yerdə yaşamaq təcrübəsini təsis etməyə yönəlmiş səyləri dəstəkləməyə çağırıb.