logo

Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

15:10 23-04-2021 | icon 1841
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Bakıda Türkiyənin 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının 101-ci ildönümü qeyd olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən tədbirdə qardaş ölkənin səfiri Cahit Bağçı, diplomatik nümayəndəliyin əməkdaşları, eləcə də Bakı Türk Məktəbinin azərbaycanlı və türkiyəli şagirdləri iştirak ediblər.

Əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edən diplomat bildirib ki, bu bayramı qardaş ölkənin paytaxtı Bakıda gələcəyimizin təminatçısı olan uşaqlarla birlikdə qeyd etmək çox xoşdur. Ulu öndər Mustafa Kamal Atatürkün dediyi kimi, hakimiyyət qeyri-şərtsiz olaraq xalqa məxsusdur.

Səfirin çıxışından sonra Bakı Türk Məktəbinin şagirdləri bu əlamətdar günə həsr olunan şeirlər söyləyiblər. Eyni zamanda, Bakı Türk Anadolu Liseyinin şagirdi Samirə İsmayılova Türkiyənin milli himnini səsləndirib.

Sonda səfir uşaqları xidməti iş otağına apararaq onu müvəqqəti olaraq şagirdlərə həvalə edib.