logo

55 kq narkotik vasitəni İrandan Azərbaycana keçirmək istədilər

11:22 08-04-2021 | icon 1526
55 kq narkotik vasitəni İrandan Azərbaycana keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin(DSX) əməkdaşları tərəfindən ümumi çəkisi təxminən 54 kiloqram 662 qram narkotik vasitələrə bənzər maddələrin və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nın mətbuat mərkəzindən bildirilib.

Qeyd edilib ki, aprelin 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində üç nəfərin olduğu qara rəngli “Hyundai İX-35” markalı 10-VS-789 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.

Əkin sahəsinə yaxınlaşaraq oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb. Neftçala rayon sakini 1989-cu il təvəllüdlü Dadaşov İxtiyar Loğman oğlu olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 6 kiloqram 812 qram narkotik vasitəyə (4774 qram “tiryək”, 1018 qram “heroin” və 1020 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq götürülüb.

Hadisə yerində olan avtomobildəki digər şəxslərin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Mahmudov Həsən Fərasət oğlu və Sabirabad rayon sakini 1982-ci il təvəllüdlü Abbasova Sevda Eyvaz qızı olmaları müəyyənləşdirilib, araşdırma zamanı onlar törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Həmin gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Kürünc kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı təxmini çəkisi 47 kiloqram 850 qram narkotik vasitəyə (37 min 600 qram heroin, 5000 qram metamfetamin, 4500 qram marixuana, 750 qram tiryək) bənzər maddələr və 2726 ədəd müxtəlif növ psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.