logo

İtaliyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatır

15:10 03-04-2021 | icon 1771
İtaliyanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatır

Aprelin 3-də xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamənin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Səfir Auqusto Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu ifadə edib.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıb, bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.